Çexovun ən məşhur hekayələrindən olan «Doxsanıncı illərdə» («Mənim həyatım») əsərində ata-oğul konflikti fonunda o dövr cəmiyyətində baş verən təbəqələşmə və onun yaratdığı problemlərdən bəhs edilir. Əsərin qəhrəmanı Misail zadəgan ailəsində böyüsə də, onu heç vaxt tərk etməyən təmiz hisslərin təhriki ilə bu mühitə etiraz edir. Misail onu döyərək mənəvi travmalara məruz qoyan atasına qarşı gələrək evdən çıxıb gedir. Düşünür ki, kübar ailələrdə yaşayan insanlarla min-bir əziyyət çəkərək pul qazanan insanlar arasında heç bir fərq olmamalıdır; cəmiyyətdə ədaləti bərpa etmək üçün hamı fiziki əməklə məşğul olmalıdır. Bu, Çexovun arzuladığı cəmiyyət idi. İş burasındadır ki, Misail burada da rahatlıq tapa bilmir, bu dəfə də sadə insanların qabalığından, kobud həyat tərzindən cana doyur. Müəllif hekayədə bizi böyük bir çıxılmaza salır. İnsan tərəqqi üçün fiziki əməkdən vaz keçib maarifçilikləmi məşğul olmalıdır, yoxsa əxlaq qanunlarını, başqasına yük olmamağı əsas sayaraq həyatını fiziki əmək əsasında qurmalıdır?