Şaftalının mərkəzinə səyahət — Aman Tanrım, bilirəm bu nədir, şaftalının mərkəzindəki toxuma çatmışam. Birdən hiss etdi ki, şaftalı toxumunun içinə tərəf bir qapı var. O, qapını itələdi. Qapı yellənib açıldı, Ceyms sürünüb qapıdan içəri keçdi, başını qaldırıb ətrafa nəzər salmamış bir səs eşitdi. — Bir bax, gör bura kim gəlib? — bir səs dedi. — Biz elə səni gözləyirdik. Ceyms dayandı, danışanların kim olduğunu bilmək istədi. Onun sifəti qorxudan ağappaq ağarmışdı. Oğlan ayağa durmaq istədi, ancaq dizi elə titrəyirdi ki, ayağa dura bilmədi, ona görə də təzədən aşağı çökdü. O, arxaya baxdı, istədi ki, gəldiyi yolla geri qayıtsın. Amma içəri girdiyi qapı yox idi, arxasında yalnız möhkəm qəhvəyi divar vardı.