– Ehramları yada sal! Onları tikmək naminə neçə-neçə adamlar ölüb, halbuki onlar uzun illər yaşaya, torpaq əkə, yeyə və övlad dünyaya gətirə bilərdilər! Amma bəlkə də taundan qırılıb, özlərindən sonra heç bir iz qoymazdılar. Fironların istəyinə uyğun olaraq, elə abidə ucaldıblar ki, kölgəsi əbədiyyətədək onların zəhmətinin, ümidlərinin, ən yaxşı cəhdlərinin xatirəsini yaşadacaqdır.
Siz burda yatıb gözləyirsiniz ki, onlar gəlib sizi torpağa gömsünlər.
Mən yol oğluyam, Vətənim – karvan, ömrümsə, gözlənilən ən qısa mənzilbaşıdır.
Övladım, üzləşdiyim dolanbacın bütün hallarına şahid olan bu dəniz məni yenə də aparır, o dəniz ki, bu gün səni ilk sürgün yerinə aparır. Sən Romada afrikalı balasıydın, Afrikada isə rumlu balası olacaqsan. Harda olsan da, sənin dərini və dualarını araşdırmaq istəyənlər tapılacaqdır. Övladım, onların instinktlərini oyatmaqdan çəkin, kütlənin təzyiqinə boyun əyməkdən saqın. Müsəlman da olsan, yəhudi də, nəsrani də, səni olduğun kimi qəbul eləməlidirlər, ya da sən onları tərk eləməlisən. Haçan sənə elə gəlsə ki, adamların düşüncəsi dardır, özünə de ki, Allahın torpağı geniş, əlləri və qəlbi əngindir. Bütün dənizlərin arxasına, bütün sərhədlərin, vətənlərin və etiqadların o biri üzünə uzaqlaşmaqda tərəddüd eləmə.
Dini rəvayətə görə, ilk vaxtlar bütün insanlar bir dildə danışırlarmış. Allah məşhur Babil qülləsini inşa eləmiş insanları cəzalandırmaq üçün müxtəlif dilləri yaradıb
Birisi onun üçün çalışır ki, bütün insanlar bir-birini başa düşsünlər, bu bəyəm çox gözəl nümunə deyilmi?
Etiqad müştərəkliyi deyil, müştərək gördükləri işlər möminləri daha çox birləşdirir.
Əgər kilsənin rəhbəri mənə qulaq verməsəydi, deyərdim ki, din insanlara təvazökarlıq öyrədir, amma özünün heç bir təvazösü yoxdur. Bütün dinlər eyni dərəcədə mükəmməl ruhanilər və qatillər yetirir. Bu şəhərin həyatında olan mərhəmətli Kliman və amansız Adrianın illəri arasında seçim eləməyə imkan vermir.
Öyrənməyimin vaxtını uzadacaq bəzi adətlər də var. Xüsusən də avropalıların söhbət eləyərkən öz həmsöhbəti bir neçə nəfərmiş kimi ona “Siz” və ya qaib qadınmış kimi “hiyə”114 deyə xitab eləməsi adəti. Ərəbcə danışan bütün adamlara, qulluqçu da olsalar, əmir də, “Sən” deyilir.
Əvvəllər heç vaxt belə olmamışdı ki, namaza səsləyən, zaman bəlirləyən, fəzanı dolduran, insanlara və daşa-divara əminlik gətirən nidanın yüksəlmədiyi şəhərdə həftələrcə yaşayası olam.