Ana alman faşistlərinin ölüm düşərgəsindən oğluna vida məktubu yazır. Bu kiçik ədəbi şedevr ana sevgisinin, insanın mənəvi gücünün və qətlə yetirilmiş xoşbəxtliyin abidəsi sayılır. Qadını sonralar gülləyiblər. Oğlu isə ömrünün sonunadək həlak olmuş anasına məktublar yazıb. Söhbət yəhudi əsilli yazar Vasili Qrossmandan və onun anası Yekaterina Savelyevnadan gedir. Qadının məktubu bütünlüklə Qrossmanın «20-ci əsrin «Hərb və sülh»ü» adlandırılan məşhur «Həyat və tale» əsərində verilib. Qəhrəmanlardan birinin anasının son məktubu kimi… Doğrudur, faşizmin dəhşətlərini tam çılpaqlığı ilə açmağa heç bir əsərin gücü çatmaz. Lakin bu məktubu hamı oxumalıdır. «Treblinka cəhənnəmi» əsəri də oxşar mövzudadır. İkinci Dünya müharibəsinin ən dəhşətli ölüm düşərgələrindən olan Treblinkada nasistlərin törətdiyi cinayətlərdən bəhs edir. Varşavanın 60 kilometrliyində yerləşən düşərgə iki hissəyə bölünür: birincidə müxtəlif millətlərin nümayəndələri, ikincidə yalnız yəhudilər saxlanılır. Təqribən 50 min insan bu cəhənnəmin dəhşətlərindən keçib. Əsirlərin hamısı 1944-cü ilin 23 iyulunda güllələnib.