Qıraqdan baxanda insan ömrü belə görünür: onun üçdən ikisi doğulmuş və yaşamaqdadır, üçdən biri isə hələ də doğulmamışdır və insan yuxuda öz ömrünün o doğulmamış kəsimini yaşayır. Hər gün səhər yuxudan oyanmaq elə bil dünyaya yenidən doğulmağa oxşayır. Bir sıra durumlarda biz yuxudan ayılanda deyirik: elə bil anadan yenicə doğulmuşam; ancaq mənə elə gəlir, bu durumu yeni doğulmuş körpənin durumuna oxşatmaq çox da elə uğurlu bənzətmə deyildir. Ola bilsin, çağalar dünyaya yeni gələndə özlərini bu dünyada çox da rahat hiss eləmirlər. Unutmamısınızsa, uşağın doğulmasına biz işıqlı dünyaya göz açmaq da deyirik.