Rusiya – bu ad dillər əzbəridir. “Rusiya adından Qorbaçov öldürür!” – bu kəlmə Gürcüstanda təbii fəlakət sinoniminə çevrilib. Rusiya və Qorbaçov təhlükə deməkdir, – babam gizlin və ya aşkar, gözlənilməz və ya gözlənilən, kiçik və ya böyük faciənin səbəbini tapmaq istəyəndə, həmişə həmin kəlməni işlətdiyindən, elə bil bu kəlmə qulaqlarımıza yağır salmışdı. Qorbaçovun planı, rus barmağı, rus izi – bu kəlmələr də dillərdən düşməzdi. Rusiya və Qorbaçov Gürcüstanın uğursuzluğunun birbaşa və dolayı səbəbkarıdır; Rusiya incik və qəzəbli analıqdır; Rusiyada süni zəlzələlər törədəcək seysmik stansiyalar var; rus əsgərinin mənəvi meyarı yoxdur – o zorlayır, öldürür və qarət edir; Qorbaçov qatildir.