Mən verdiyim sözün üstündə dururam, lakin öz canımı qorumağı ondan da üstün tuturam. Çünki sən mənim üçün indicə sənin köməyin nəticəsində hücumlarından xilas olduğum, elə yalnız onun xatirinə səninlə sülh bağlamağa məcbur olduğum düşmənlərimdən daha qorxulusan. Mənim səninlə sazişə gəlməyimin səbəbi təhlükəni aradan qaldırmaq, şəri dəf etmək üçün məkan və zamanın tələb etdiyi bir tədbir idi. Hər işin öz yeri, hər saatın öz hökmü vardır. Vaxtı keçirib, mövqeyi uduzub, fürsəti əldən verən adamı uzaqgörən adlandırmaq olarmı?! Mən sənin bütün bəndlərini kəsəcəyəm, lakin öz bildiyim kimi. Əvvəlcə hamısını kəsib ancaq birisini saxlayacağam ki, o mənim həyatım üçün bir rəhn olsun. Axırıncı bəndi o vaxt kəsəcəyəm ki, sənin mənə hücum etməkdən daha vacib bir işin olsun. Öz canının hayına qalasan və mənə ziyan yetirə bilməyəsən.