Vusala M.цитирует3 года назад
Ertəsi gün Murovdağda gördüklərimi, vəziyyətin çətin olduğunu, fəlakət olacağını birbaşa telefonla nazirə dedim. İmranov: “Çətin olduğunu bilirik, amma addım atılıb, geri dura bilmərik”. Bəli, zamanında durdurulsaydı, bu qədər əsgər itkisi verməzdik. Murovdağda Kəlbəcər istiqamətində məğlub olan əsgərlərimiz düşmən gülləsindən çox so­yuq­dan, şaxtadan qırıldı. Bir neçə il sonra iki mindən çox əsgərin həlak olduğu, itkin düşdüyü barədə rəsmi sənəd­lər açıqlandı. Bizim bölmənin xadiməsinin oğlu da orda olmuşdu. Ayaqlarını don vurduğundan əməliyyatla ayaqlarının altını tamam götürmüşdülər. Onunla söhbət edəndə deyirdi ki, sağ qalmağına görə komandirinə borcludur. “Dağları aşdıqca dağ gəlirdi, taqətdən düşüb elə soyuqdaca yatmaq istəyəndə komandir bizi təpiklə vururdu, yatmayın, öləcəksiniz, bir azdan kəndə çatacağıq, deyirdi. Düz iki gün, iki gecə yol gələn əsgərlər Daşkəsənin hansısa kəndinə çatmışdılar. Ötən yay Daşkəsənin Zağalı kəndində olanda yerli adamlar Daşkəsənlə Kəlbəcərin arasındakı yerlərdə hələ də insan skeletlərinin qalıqlarına rast gəldiklərini söyləyirdilər.
  • Войти или зарегистрироваться, чтобы комментировать