1992-ci il gəldi. İl gərgin hadisələrlə başladı. Gərginliyə səbəb Gürcüstandakı hadisələr oldu. Yanvarın 5-də Gəncədən zəng vurub xəbər verdilər ki, Gürcüstan prezidenti Zviad Qamsaxurdiyanı deviriblər və o, Azərbaycan ərazisinə keçib Gəncə istiqamətində gəlir, qarşılayıb Gəncəyə gətirin. Şəmkirin ərazisində qəbul edərək onlarla hərbiçi-mühafizəçinin müşayiət etdiyi Gürcüstan prezidentini Gəncəyə çatdırdıq. Z.Qamsaxurdiya DTK Gəncə şəhər şöbəsinin rəisi Cəbrayıl Nağıyevin qaldığı evdə yerləşdirildi. Bir neçə saat ölkə başçısı A.Mütəllibovla danışıqlar aparıldı. Rusiyadan ehtiyat edən Azərbaycan rəhbərliyi hələ Gürcüstan prezidenti olan şəxsi ölkədə saxlaya bilmədi və bu Qamsaxurdiyaya çatdırıldı. Qamsaxurdiya Ermənistanla, konkret olaraq Ter-Petrosyanla əlaqə saxladı. Ermənistan prezidenti onun ölkəsinin ərazisinə keçməsinə razılıq verdi. Ermənistan tərəfindən olan bu jest Azərbaycanın Qamsaxurdiyadan olan imtinasına görə idi və mən bu fikirdəyəm ki, bizim rəhbərlik düz addım atmadı. Qamsaxurdiya və onun yorğun, əldən düşmüş silahlı dəstəsinin üzünə baxanda xəcalət çəkirdim. Bizə sığınmaq istəyən qonaqdan imtina etmişdik. Məni bu düşüncə narahat edirdi, nəinki Rusiyanın hansısa növbəti təzyiqi. Amma Ermənistan Rusiyaya bizdən yaxın olsa da, bu “qonaqpərvərliyi” göstərdi. Mənimsə gücüm Qamsaxurdiyanı müşayiət edən hərbiçilərə “Motel” deyilən restoranda nahar yeməyi verməyə çatdı. İndiyə kimi Qamsaxurdiya və onun adamlarının əzablı sifəti, yuxusuz gözləri yadımdan çıxmayıb, Gəncənin rəisi Cəbrayıl Nağıyevin dedikləri də: “Yaman kəmfürsətlik etdi bizimkilər. Heç bir gün də saxlamadılar ki, adam dincini alsın. Erməni bizdən ağıllı tərpəndi”. Cəbrayıl müəllimlə həmfikir idim.