Bütün müharibələr əvvəl-axır danışıq və barışıqla bitir. Zəfərlə tamamlanan bütün savaşların qalibi və məğlubu olur. “Şah və Sultan” romanının onurğasını təşkil edən Çaldıran cənginin isə qalibi yoxdur. İki qardaş bir-birini boğazlayanda ölən də, öldürən də qardaş olur. Romanda Osmanlı sarayındakı sünni Can Hüseynlə Səfəvi sarayındakı şiə Ağa Həsənin əkiz qardaş və birinin ölümünün digərinin əlindən olması məhz bu faciənin rəmzidir. Xüsusən, hadisələrin gedişində bu əkiz qardaşların bir-birini əvəzləməsi məqamı uğurlu bədii tapıntıdır. Aydındır ki, qardaş qırğınında qalibdən və qalibiyyətdən bəhs etmək otaq dilimiz adına faciə, dinimiz naminə günahdır.