Заур Османовцитирует9 лет назад
John Le Carre
Sonuncu xəfiyyə

R üçün...
Yolyoldaşım oldu,
İtini mənə əmanət etdi və həyatından bir tikə bağışladı...

Müəllif dəyərli vəkil Al Alvazere romanın yazıldığı müddətdə iki dəfə oxuduğu üçün minətdarlığını bildirir. Eyni zamanda mövzu ətrafında peşəkar tətqiqat aparmaqda kömək edən Susan Davson, Philip Durbana, Moritz Makazekə; Peter Braestrup və onun Vaşinqtonda, Vilson Quarterlydə olan heyətinə dəstəklərinə görə təşəkkür edir.
İki arvadı olan kişi ruhunu itirər.
Ancaq iki evi olan kişi başını itirər.
Atalar sözü

1

Maqnus Piyem oktyabrın küləkli səhərlərinin birində şəhərin şimalındakı tərk edilmiş kimi görsənən Devon sahilində köhnə bir taksidən endi. Kilsə meydanına getmək üçün taksinin gözdən itməsini gözlədi. O, köhnə Viktoriya tipli “Bel-a-Vista”, “Kommodre” və “Evrika” kimi adları olan ucuz mehmanxanalara doğru gedirdi. Onun cüssəsi güclü və vüqarlıydı, elə bil ki, nəyisə təmsil edirdi. O, ayaqdan itiydi və anqlosaksonların idarəedici sinfinin damğasını daşıyırdı. İstər sabit, istərsə də hərəkətli olsun, ingilis ordusu həmişə bu üslubla üzüb müstəmləkələrin üzərində bayraqlarını dalğalandırıb, böyük çay yataqlarını tapıb, batan gəmilərin göyərtəsində dayanmışdılar. Bu və ya başqa bir şəkildə düz on altı saat müddətində səyahət etməsinə baxmayaraq, onun paltosu və papağı yox idi. O, böyük, qara, biznesmen çamadanı daşıyır, digər əlindəysə “Harrods” markalı çantasını götürmüşdü. Onun dəbdəbəli pencəyini güclü dəniz küləyi yelləyir, duzlu yağış gözlərini qamaşdırır və asfalt yola düzülmüş köpüklər partlayırdı. Piyem bunların heç birinə əhəmiyyət vermirdi. Evin eyvanına yaxınlaşdı, qapıda “boş yer yoxdur” yazılı lövhə asılmışdı. O, zəngin düyməsini basdı və gözlədi. Əvvəlcə çölə işıq düşdü, ardınca içəridən qapının zənciri açıldı. O, gözlədiyi müddətdə kilsənin valehedici zəngi saat beş olduğunu xəbər vermək üçün çaldı. Piyem kilsə zənginə cavab verirmiş kimi arxaya çevrilib meydana baxdı. Baptist kilsəsinin yöndəmsiz qülləsi buludların arasına doğru uzanırdı. Piyem həyəti bəzəyən ağaclara, orkestrin boş qalmış yerinə, avtomobil dayanacağına, ara küçələrin tinlərinə və bir-bir qapılara göz gəzdirdi.
— Cənab Kanterbari, bu sizsiniz? — qoca bir qadın narazı halda qapını açıb dilləndi. — Siz yaman yaramaz adammışsınız. Görünür, yenə yatmağa gəlmisiz. Axı niyə zəng etmədiniz?
— Salam, xanım Dabber, — Piyem dedi. — Necəsiniz?
— Mənim necə olmağımın əhəmiyyəti yoxdur, cənab Kanterbari. Tez içəri keçin. Sizə soyuq dəyəcək.
Ancaq küləyin yerlə yeksan etdiyi meydan Piyemin çox xoşuna gəlmişdi. – Xanım Dabber mən elə bilirdim ki, “Sea view” satılır, – qadın onu içəriyə dartanda o dedi. – Siz dediniz ki, cənab Kukun arvadı öləndən sonra buranı tərk edib. Evə bir də gəlməyəcəyini deyirdiniz?
— Əlbəttə, o gəlməyəcək. Cənab Kanterbari, gəlin içəriyə keçməzdən öncə ayaqlarınızın altını silin, mən də çay qoyum.
— Bəs yuxarıdakı yataq otağında niyə işıq yanır? — Piyem soruşdu və qadının onu pilləkənlərlə yuxarıya doğru dartmasına etiraz etmədi.
Xanım Dabber də bir çox qəddar insanlar kimi balacaboy idi. Qocalmışdı və yançaqlarını yöndəmsiz göstərən bir don geyinmişdi.
— Cənab Kuk yuxarı mərtəbəni Seliya Venniyə şəkil çəkməsi üçün kirayəyə verib. Elə bu sizdən gözlənilən bir hərəkət idi, — qadın siyirməni çəkdi. — Üç ay yox olursan, qəfildən gecənin yarısı qayıdıb, kiminsə pəncərəsindəki işığa görə narahat olursan, — o, növbəti siyirməni çəkdi. — Cənab Kanterbari, siz heç vaxt dəyişməyəcəksiniz. Düzü, sizə görə niyə bu qədər narahat olduğumu da bilmirəm.
— Seliya Venni kimdir?
— O, axmaq həkim Venninin qızıdır. O, dənizə baxıb rəsm çəkmək istəyir, — onun səsi qəfildən dəyişildi. — Cənab Kanterbari, buna necə cəsarət edirsiniz? Tez onu çıxarın görüm. — Xanım Dabber axırıncı siyirməni çəkib qurtardı və dikəlib, çəkinə-çəkinə qucaqlaşmağa hazırlaşırdı. Ancaq onun özünəməxsus çatılmış qaşlarının əvəzində heç kimin inanmadığı bir ümid var idi.
— Cənab Kanterbari, yenə də o qorxulu qara qalstuku taxmısınız. Mən sizə evimə ölüm gətirməyinizə icazə verə bilmərəm. Kimə yas saxlayırsınız?
Piyem yaraşıqlıydı, təqribən əlli yaşı olmasına baxmayaraq, cəld və aktiv idi. Ancaq xanım Dabber ən çox onun insanda arxayınçılıq, etibar və inam yaradan təbəssümünün vurğunuydu.
— Xanım Dabber, “Whitehall”dakı köhnə həmkarlarımdan biridir. Elə də əhəmiyyətli deyil. Heç yaxınım-zadım da deyil.
— Mən yaşda hamı yaxındır, cənab Kanterbari. Onun adı nədir?
— Onu heç elə də tanımırdım, — Piyem ifadəli bir tərzdə dedi və qalstukunu açıb xəlvətcə cibinə qoydu. — Sizə adını deməyəcəyəm, yoxsa elə həmin dəqiqə bütün qəzetlərdəki ölüm xəbərlərini oxumağa başlayacaqsınız. — Piyem keçən dəfə gələndə düzəltdiyi zaldakı narıncı stolüstü lampanın işığının altındakı müştəri dəftərinə göz gəzdirdi.
— Heç gəlib-gedən var, xanım Dabber? — O, müştəri siyahısını nəzərdən keçirib dedi.
— Qaçaq cütlüklər, sirli şahzadələr?.. O, Pasxa bayramında gələn iki bir-birini sevən oğlanlara nə oldu?
— Onlar aşiq deyildilər, — Xanım Dabber axsaya-axsaya mətbəxə keçdi. — Onlar ayrı-ayrı otaqlarda qaldılar və hər axşam səhərə kimi televizora baxdılar. Cənab Kanterbari, siz deyirdiniz...
Ancaq Piyem danışmadı. Onun nitqində bəzən telefonla danışarkən qəfil kəsilən xətt kimi fikrini bitirmədən yarıda dayanmaq var idi. Bir neçə səhifə də çevirdi.
— Daha bu tip təsadüfi gələnləri qəbul etməyəcəyəm, — xanım Dabber mətbəxdəki qaz piltəsini yandıranda dedi. — Bəzən qapının zəngi çalınanda mən Tobbi ilə otururam və deyirəm: “Tobbi, get, qapını aç”. Əlbəttə, o aça bilmir. Axı pişik qapını aça bilməz. Beləliklə, biz oturmağımıza davam edirik. Biz otururuq və gözləyirik ki, uzaqlaşan ayaq səslərini eşidək. — O, ona gözucu nəzər yetirdi. — Tobbi, səncə də, cənab Kanterbari vurulub? — O əyilib pişikdən soruşdu. — Düzü, bu səhər çox yaraşıqlısınız, par-par yanırsınız. Cənab Kanterbari, pencəyimiz, deyəsən, bizi on yaş cavanlaşdırıb. — Pişiyindən dişədəyər bir cavab almadığı üçün xanım Dabber öz sarı bülbülünə tərəf çevrildi. — Ancaq ağzını açıb bizimlə bir kəlmə də kəsmir. Elə deyilmi, Dikki? Hər şey baş verib qurtarar, ən axırda da biz eşidərik. Ciqcuk? Ciq-cuk?
— Uimbldondan Con və Silviya cütlüyü, — hələ də müştəri dəftərinin yanında dayanmış Piyem dedi.
— Con kompüter düzəldir, Silviya isə proqramlar hazırlayır. Onlar dünən buranı tərk etdilər. — O, ona acıqlı halda dedi. Xanım Dabber öz dünyasında cənab Kanterbaridən başqa adamların da olduğunu eşitməyə nifrət edirdi. – Bu nədir, ey! Bu dəfə... – o, hirslə qışqırdı. – Mən bunu qəbul edə bilmərəm. Geriyə qaytarın.
Ancaq qadın hirslənməmişdi. Əlbəttə ki, Piyem “Harrods” kağızına bükülü, “Harrods” qutusuna qoyulmuş ağ-qızılı Kəşmir şalını geriyə qaytarmaq niyyətində deyildi. O, şal qədər qutu və ona bükülmüş kağıza da əhəmiyyət verirdi. Şalı götürdü və qutuyla kağızı büküb ən qiymətli əşyalarını saxladığı şkafın üstünə qoydu. Ancaq bütün bu işləri görəndə, bir tərəfdən bədxərcliyi ucbatından onu danlayanda, digər tərəfdən də şalı çiyninə salıb onu qucaqlamağına icazə verdi.
Xanım Dabberin könlünü xoş salmaq üçün çay içdi və qadın bişirdiyi kökənin yandığını etiraf etməyinə baxmayaraq, Piyem onu yeyib təriflədi. O, qadına mətbəx çanağının borusunu təmir edəcəyinə, su kranını açacağına və elə işə başlamışkən birinci mərtəbədəki su çəninə baxacağına da söz verdi. Piyem cəld, həddindən artıq lütfkar idi və qadının fərasətliyini görüb ona verdiyi vədlərə görə peşman olmurdu. O, Tobbini qaldırıb dizinin üstünə qoydu və onu əzizlədi, əvvəllər heç vaxt belə bir şey etməzdi, görünür, heç Tobbi də bundan zövq almırdı. Adətən, xanım Dabberin xalası All haqqındakı söhbətləri eşidən kimi yatağa girməyə tələsməsinə baxmayaraq, bu dəfə xala haqqındakı ən sonuncu xəbərlərə də qulaq asdı. O, həmişəki kimi sonuncu dəfə getdiyindən bu yana qəsəbədə baş verən hadisələrlə bağlı olaraq qadını sorğu-suala çəkməyə başladı və xanım Dabberin ardı-arası kəsilməyən şikayətlərinə sakitcə qulaq asıb onları təsdiqlədi. O, cavab verməyin əvəzinə tez-tez başını tərpədir, öz-özünə səbəbsiz halda gülümsəyir, mürgüləyir və ya əlinin arxasını ağzına aparıb əsnəyirdi. Qəfildən başqa bir qatara çatacaqmış kimi əlindəki fincanı buraxıb, ayağa qalxdı.
— Xanım Dabber, əgər sizin üçün bir problemi yoxdursa, mən bir müddət burada qalmaq istəyirəm. Xeyli yaxşı işlərim var.
— Həmişə elə deyirsiniz. Axırıncı dəfə gələndə guya həmişəlik burada qalacaqdınız. Səhər yeməyindəki yumurtanızı da yeməmiş “Whitehall”a qayıtdınız.
— Ola bilsin ki, iki həftə-zad qaldım. Burda rahatca işləmək üçün icazə almışam.
Xanım Dabber özünü təəccüblənibmiş kimi göstərməyə çalışdı. – Yaxşı, bəs, bu ölkə necə olacaq? Bizim sükanı cənab Kanterbari idarə etməsə, mən və Tobbi özümüzü necə güvəndə hiss edə bilərik?
— Görəsən, xanım Dabber nə planlaşdırır? — dedi və sanki çamadanın içinə mərmi doldurubmuş kimi sənədləri yığılmış çamadanı qaldırdı.
— Planlar? — Xanım Dabber öz sirli hərəkətlərilə gülümsədi. — Cənab Kanterbari, mən yaşda biri fikirləşə bilər ki? Qoy bu işləri Allah özü görsün. O bunu məndən daha yaxşı bacarar. Elə deyilmi, Tobbi? Onun planları daha etibarlıdır.
— O həmişə arzusunda olduğunuz səyahətinizə nə oldu? Xanım Dabber, artıq özünüzə belə bir mükafat verməyin vaxtıdır.
— Axmaq olma! Bu uzun illər əvvəl idi. Mən bütün arzularımı itirmişəm.
— Pulunu ödəməyə həmişə hazıram.
— Bilirəm, Allah səndən razı olsun.
— İstəsən, mən əlaqə saxlaya bilərəm. Birlikdə səyahət agentliyinə gedə bilərik. Əslində mən bura gələndə sizin üçün bunu araşdırdım. Bir həftədən sonra “Orient Explorer” Sauthemptondan qalxır, kimsə biletini geri qaytarıb.
— Cənab Kanterbari, siz məndən canınızı qurtarmaq istəyirsiniz?
Piyem bir an dayanıb güldü.
— Heç Allahla mən də əl-ələ versək, sizi yerinizdən tərpətmək mümkün deyil, — o dedi.
Xanım Dabber ensiz pilləkənləri çıxan adamın arxasınca baxıb, ağır çamadanı yuxarıya qaldırarkən ondakı gənclik enerjisinə heyran oldu. Yüksək səviyyəli və eyni zamanda əhəmiyyətli bir tədbirdə iştirak edəcək. O, onun işıqlandırılmış dəhliz boyu atdığı addımların səsini düz səkkiz nömrəli otağa gedənə qədər dinlədi. Bu onun uzun illər ərəfəsində ən çox kirayəyə verdiyi otağıydı. Bu itki ona təsir etməmişdi, rahatca onun otağa girib, qapını arxasından bağlayana qədər fikirləşdi. O, sadəcə, nazirlikdəki köhnə tanışıydı, yaxını deyildi. Xanım Dabber nəyinsə Piyemi narahat etməsini istəmirdi. Onun yaddaşında həmişə illər əvvəl qapının astanasında peyda olmuş və qalmaq üçün telefonsuz yer axtaran həmin alicənab insan olaraq qalacaqdı. Hətta o, altı ayın ödənişini birdən edib, çek də tələb etmirdi. Xanım Dabberin ad günündə günorta ustaları çağırıb həyətin yanındakı divarı hördürmüşdü. Hətta mart ayında qalxan fırtınaların damın üstündən yerə tökdüyü dam şiferini öz əllərilə geriyə, yerinə düzmüşdü. O, getdiyi füsunkar yerlərdə nə etdiyini izah etmədən çiçəklər, şokoladlar və meyvələr göndərərdi. Mehmanxana dolu olduğu vaxtlar səhər yeməyi hazırlamağa kömək edir, pul qazanmaq üçün saysız-hesabsız planlar quran qardaşının oğluna qulaq asırdı. Cənab Kanterbariyə nə məktub gəlirdi, nə də ki qonaq; radioda da ancaq xarici stansiyalara qulaq asırdı. Evdəki telefonu isə ancaq qəsəbənin mağazalarına zəng etmək üçün işlədirdi. Özünün Londonda yaşaması və “Whitehall”da işləməsi, yalnız çoxlu səyahətlərə çıxdığı, adının Kanterbari şəhərininki ilə eyni olmasından başqa həyatı haqqında heç bir şey deməmişdi. Uşaqları, arvadı, valideynləri, sevgilisi... – Yer kürəsində bircə xanım Dabberdən başqa “mənim” deyəcəyi heç kimi yox idi.
— Bəlkə də “cəngavərlik” rütbəsini çoxdan alıb, — xanım Dabber şalını burnuna yaxınlaşdırıb yun qoxusunu içinə çəkəndə Tobbiyə dedi. — Bəlkə də bir gün baş nazir olar. Biz də bu xəbəri ancaq televizordan eşidərik.
Xanım Dabber küləyin uğultusundan zəif bir musiqi səsi eşitdi. Bir ahəngsiz, ancaq xoşagələn kişi səsiydi. Əvvəlcə kiminsə bağçada Qrinslivs dediyini, ardınca da meydandan “İsrail” deyildiyini eşitdi və səsin hardan gəldiyini öyrənmək üçün başını pəncərədən çölə çıxardı. Ancaq bu səs yuxarı mərtəbədəki cənab Kanterbarinin zümzüməsi idi. Xanım Dabber çox təəccübləndi, onun qapısını açıb danlayacaqdı ki, dayanıb dinlədi. Mahnı qəfil kəsildi. Xanım Dabber güldü. İndi də o mənə qulaq asır. Bu da mənim həmişəki cənab Kanterbarimdir.
Üç saat əvvəl Vyanada Maqnusun arvadı Meri Piyem yataq otağının pəncərəsinin önündə dayanıb ərinin seçdiyi aləmlə ziddiyyət təşkil edən sakit və rahat bir dünyaya baxırdı. O, nə pərdələri bağlamışdı, nə də işığı söndürmüşdü. Anası demişkən, qonaq qəbul etmək üçün hazırlanmışdı və təqribən bir saat ola
  • John le Carré
    Sonuncu xəfiyyə
    • 151
    • 5
    • 4
  • Войти или зарегистрироваться, чтобы комментировать