Ancaq şahmata oyun deyəndə məgər insan özünü təhqiramiz məhdudluğa borclumu bilməlidir? O özü də bir elm, bir incəsənət deyilmi, Məhəmməd peyğəmbərin ruhu Göylə Yer arasında süzdüyü kimi, o da həmin kateqoriyalar arasında süzmürmü, bütün qoşa ziddiyyətlərin birdəfəlik əlaqəsi deyilmi, həm ulu, həm də əbədiyaşar, quruluşca sadə, təxəyyülcə təsirli, geometrik donuq məkanda məhdud, kombinasiyalarında isə hüdudsuz, həmişə inkişafda, amma yenə də tərtəmiz, insanı heç yana çıxara bilməyən bir riyaziyyat, əsərsiz bir incəsənət, varlıqsız bir arxitektura, bununla belə, öz varlığında, öz yaşamında bütün kitablardan, bütün əsərlərdən dözümlü, bütün xalqlara, bütün zamanlara aid olan bir oyun, sıxıntını öldürmək, zehni itiləmək, qəlbi riqqətə gətirmək üçün hansı tanrının onu yer üzünə göndərdiyindən heç kimin xəbəri olmayan əvəzsiz bir oyun deyilmi? Əvvəli haradadır, sonu harada? İlk qaydalarını hər uşaq öyrənə bilər, hər naşı özünü orada sınayar, lakin bu dəyişməz, dar kvadratın içində növ-növ ustalar yetişər ki, buradan da biri digərinə bənzəməyən şahmat istedadlı insanlar, öz təxəyyüllərində, səbirlərində, texnikalarında dəqiq, müəyyən bölgü ilə fəaliyyət göstərən dahilər yaranar – riyaziyyatçılar, şairlər, musiqiçilər kimi, ancaq başqa səpkidə, başqa qovuşuqda.