Əslində yazıçı sözü ilə sevgi sözü bir-birindən xeyli uzaq düşmüşdü, çünki gürcü ədəbiyyatçısı əksər hallarda qəzəbli və aqressiv olurdu. Reytinqlərini qaldırmaq istəyən televiziyalar tez-tez Yazıçılar Birliyinə baş çəkirdilər. Ordakı çəkişmələrin son ucu görünmürdü. Yüzlərlə tanınmayan yazıçı burada toplaşıb, bir vaxt əhəmiyyətli, hazırdasa əhəmiyyətini itirmiş, amma köhnə cazibəliyini və sakrallığını özündə saxlamış ədəbi vəzifələr uğrunda döyüşürdülər. Vəzifə davası bütün davalar kimi televiziya tamaşaçısını özünə cəlb edə bilirdi. Prezident Şevardnadze yazıçıları öz ziyalı dəstəsi hesab edir, onları, dövlətin onsuz da kasıb büdcəsindən cüzi miqdarda məbləğlə maliyyələşdirirdi. Bunun sayəsində yazarlar və şairlər birliyin binasının arxa həyətində təsərrüfat işləri ilə məşğul olmaq imkanı əldə edirdilər. Binanın içinə buraxılan yazıçılar deyirdilər ki, arxa həyətdə xiyar-pomidor yetişdirirlər, bir az arxada toyuq-cücə saxlayan da var; hətta arada çoşqa səsi eşidənlər də olub.