İnsan şah da olur, sultan da olur, amma xoşbəxt olmur.
İnsan belədir də, həmişə təzə bir şey axtarır. Təzə paltar, təzə ev, təzə hökmdar. Elə bilir ki, təzə köhnədən yaxşı olacaq.
Qocalıq pis şeydi. İnsan müdrikləşsə də, fikirləri də elə ayaqları kimi gücdən düşür. Cəld, çevik olmur.
Ziyad xan qırmızı əbasını çiyninə atıb taxtına oturdu. Qurbani ölüm qabağında olsa da, onun taxtı ilə Şah İsmayılın taxtını müqayisə elədi. Şah İsmayılın taxtı kiçik, onunku böyük idi. Şah İsmayılın ölkəsi böyük, onunku əl içi boydaydı. Görünür, ölkə, hökm kiçik olanda hikkə böyük olur.
Güc – kobud, qaba güc hər cür gözəlliyin, xoşbəxtliyin düşmənidi. O kor-koranə axan seldi, meşəyə düşən yanğındı. O yaratmır, o məhv eləyir, viran qoyur.
— Allah yeri-göyü heçdən yaradıb. Demək sənin də bu heç dediyin dərdin bu dünya qədərdi.
Bir gün meşədə səs düşür ki, bizi qırmağa gəlirlər. Palıd inanmır. Deyir bizə heç kimin gücü çatmaz. Deyir bizi kim qırmaq istəyir? Deyirlər balta. Soruşur, sapı nədəndir? Deyirlər ağacdan. Deyir onda kökümüzü kəsəcək. Sapı bizdəndisə, bələdçisi özümüzdəndi, qurtardı. Məhv olacağıq
Təbrizin Nəsriyyə məscidini Uzun Həsən tikdirmişdi.
Sultan Mahmud Qazı bəyin oğlu idi. Babası Fərrux Yasar öldürüləndən sonra atası Şirvanşah keçmişdi. Amma on səkkiz yaşlı Sultan Mahmud hakimiyyətə keçmək üçün alışıb yanırdı. Bilirdi ki, atasından sonra hökmdar özü olacaq. Amma gözləməyə səbri çatmırdı. Taxta oturmaq, hökm vermək, adam asdırmaq, baş kəsdirmək, rəqqasələrin açıq göbəklərinə «Saqiyan» şərabı töküb içmək... fikri onun yuxusunu, rahatlığını əlindən almışdı.
Bir gecə atası məclisdən kefli qalxıb Gülüstan sarayının dar dəhlizi ilə yataq otağına gedəndə oğlu onunla qarşılaşdı.
dönüb taxta baxdı. Onun sarı parıltısından gözlərini xeyli ayıra bilmədi. Necə də rahat, təmkinli hökmlüdür. Cansızdır, cəsədsizdir, amma üstündə oturanlara hikkə verir, hakimiyyət verir. Asa da bilir, kəsə da bilir. Sorğusuzsualsız, dünyanın altını üstünə çevirir, ölkələri qana da çalxayır. Əsl tilsim, əsl möcüzə bu taxtdır. Çağırdığı şəxs illərlə döyüşlərdən, qırğınlardan keçib ona tərəf gəlir. Özü isə heç kimə sona qədər etibar göstərmir. Necə də rahat, necə də cazibəli və gözəldir. Təbriz bazarından bir gədanı tutub gətirib onun üstündə əyləşdirsən, dönüb əjdaha olar.
Dilsiz-ağızsız taxt ona çox şeylər deyirdi. Çox şeylər vəd edirdi. İsmayıl isə hələ də onun üstündə oturmamışdı. Başına gələn bu qədər əzab-əziyyətdən qorxmamışdı, amma taxtdan qorxurdu. Elə bilirdi ki, oturan kimi taxt onu öz hakimiyyəti altına alacaq, onun niyyətlərini unutduracaq, babasının qoyduğu yol-ərkandan çıxarıb üzünü biyabana çevirəcəkdir.
Yox, dayısının əsarətinə dözmüşdü, ancaq taxtın əsarətinə dözməyəcəkdi. Bu taxt qızıldan olsa da, onu yaxşı suvarılmış Dəməşq qılıncına döndərəcək. Onu öz əqidəsinə tabe edəcək, əmrini taxta verəcək. Qoy taxt Ələddinin çırağı kimi, o çırağın qulu kimi onun əmrlərini yerinə yetirsin.
O, taxtda oturmaqdan bir də ona görə qorxurdu ki, yeri rahat olar, arxayınlaşar. Arzularının başa çatdığına inanar, o biri hökmdarlar kimi kefə, mey-məzəyə qurşanar. Onun yeri anadan olandan bəri nə qədər narahat idisə, indi də elə narahat olmalıdır. Bir ana bətnində rahat olmuşdu, bir də bu fani, vəfasız dünyadan keçəndən sonra rahat olar.
Onun əsl taxtı yəhərdir. İldırım kimi irəli şığıyan atın üstündəki yəhər. Onun arzularını, əməllərini həyata keçirəcək bir vasitə varsa, o da odu.