hərdən çeşmənin gözünə qırmızı boyaq tökürsən ki, görəsən, rəngli su haracan gedib çıxacaq, bəzən görürsən ki, illər gəlib-keçir və təsadüfən, heç gözləmədiyin bir yerdə həmin boyaqlı suya rast gəlirsən. Mən bu gün həmin suya rast gəlmişəm
Onlar məni bağışlamışdılar, ancaq bilirsinizmi, bu cür bağışlamaq adama necə təsir eləyir? Müqəssir olmaya-olmaya bağışlanmaq!
Baxan kimi bilmək olurdu ki, sən öz peşən üçün yaranmısan, onu sevirsən. Sən öz çörəyini qazanmağa qadirsən, buna görə də sənə çörək bağışlamağın mənası yox idi.
hədiyyəni boş yerə verməzlər, hədiyyə verilən kəs ona layiq bir iş görməlidir.
sinif yoldaşları – mən onların bəzisiylə üç il, bəzisiylə dörd il, bəzisiylə düz doqquz il bir yerdə olmuşdum, göydən bombalar töküləndə mən onlarla bir yerdə gizlənmişdim; yoxlama işləri bizim üçün ən böyük çarpışma demək idi, bu çarpışmalarda biz həmişə çiyin-çiyinə dayanmışdıq; məktəbin alovlanan binasını biz birlikdə söndürmüşdük, yaralanmış latın dili müəlliminin yarasını birgə sarıyıb, onu öz evinə birgə aparmışdıq, biz hamımız birlikdə iki il dalbadal bir sinifdə oxumuşduq; elə zənn etmək olar ki, bütün bu əhvalatlardan sonra biz əbədi olaraq bir-birimizə bağlanmalı idik, lakin biz bir-birimizə bağlı deyildik – nə əbədi, nə müvəqqəti.
Mənim düşündüyümə görə, qalibiyyət Ullanın tərəfində olmalı idi, ancaq burada qalib gələn mən olmuşdum və bu qələbənin dadını turş bir şey kimi ağzımda hiss eləyirdim.
xüsusən, o yoldaşlar ki, ideallarını itirdiklərini bəhanə eləyib insaniyyətdən məhrum olmuşdular; bu adamların heç vaxt idealı olmamışdı və burada ideal özü ona görə yüksək görünürdü ki, onu bu uğursuz sarsaqlar itirmişdilər.
nifrətimin məskən saldığı yerdə boş bir fəza, çəkisiz bir heçlik yarandığını duydum, sanki, bu boşluq məni qaldırıb öz üstündə sazladı, dalğalar balığı saxladığı kimi saxladı; lakin bu vəziyyət cəmisi bircə an çəkdi, sonra mən içimdəki boşluğun qurğuşun kimi ağır bir şeylə dolmaqda olduğunu duydum – bu laqeydlik idi, öldürücü laqeydlik.
o kitabları satmağa aparanda mən heç nəyi nəzərdə tutmurdum, daha doğrusu, kitabların ancaq qalınlığını nəzərdə tuturdum; atamın kitabı çox idi, mənim zənnimə görə, o, evdən kitab aparıldığını bilməməli idi, mən ancaq sonralar başa düşdüm ki, səhv eləmişəm, atam hər kitabın yerini bilir, çobanlar sürüdəki qoyunları necə tanıyırsa, eləcə də atam özünün hər kitabını tanıyır; kitabların arasında köhnəlmiş, əzilmiş, bapbalaca bir kitab da vardı, mənə o kitabdan verilən pula bir qutu kibrit almaq olardı, lakin sonra mən o balaca kitabın düz bir vaqon çörək dəyərində olduğunu bildim. Nəhayət, atam işin üstünü açmalı oldu, mənimlə bu haqda danışanda o utandı, qızardı və xahiş elədi ki, mən bu işi onun öhdəsinə buraxım; bundan sonra kitabları atam özü satmağa başladı, satıb pulunu mənə yolladı və bu pulla mən çörək aldım.
O vaxtlar mən evimizə gedəndə bir tikə çörəkdən ötrü atamın kitablarını oğurlayırdım. Bu kitabları atam dəlicəsinə sevirdi, onları çətinliklə alıb yığmışdı, bu kitablardan ötrü o özü tələbə vaxtı ac qalmışdı; onun iyirmi kömbə çörək qiymətinə aldığı kitabları mən satıb yarım kömbə çörəyə verirdim — sənin atan da indiyəcən bu cür nisbətlə bizə maaş vermişdir. Bizdən çıxılan faizin sayı-hesabı yoxdur — mənfi iki yüzdən sonsuzluğacan.