Görkəmli ingilis yazıçısı Corc Oruellin (1903–1950) yaradıcılığı dünya miqyasında məşhurdur. Xüsusilə onun «1984» romanı və «Heyvanıstan» povesti ötən yüzillikdə sözün, ədəbiyyatın totalitar təfəkkürə və despotik idarəçilik üsullarına qarşı mübarizəsinin ən diqqətəlayiq nümunələrindən sayılır. Hər iki əsər yarandığı vaxtdan ədəbi və siyasi fikrin diqqət mərkəzində olmuş, müxtəlif dillərə çevrilmiş və ciddi polemika doğurmuşlar. Oruell nəsrinin mühüm, diqqətəlayiq nümunəsi sayılan «1984» romanı Azərbaycan dilində ilk dəfə, həm də orijinaldan tərcümədə çap olunur.