Əziz oxucum! Mənim indiyəcən onlarca kitabım nəşr olunub: Bakıda, Moskvada, Sankt-Peterburqda, Almaniyada, Polşada, Macarıstanda, Bolqarıstanda, Çexiyada… Və keçmiş sovet respublikalarının demək olar ki, hər birində. Ancaq sənə səmimiyyətlə deyirəm ki, bu balaca kitabça mənim üçün bütün kitablarımdan əzizdir. Çünki, nə qədər qəribə olsa da bu yeni, hələlik son kitabım «Gilas ağacı» adlı ilk kitabımı yadıma salır. Onda mənim 21 yaşım vardır. İndi 77 yaşın içindəyəm və nədənsə mənə elə gəlir ki, bu balaca kitabımla mən o 21 yaşlı gənc yazıçı ilə görüşməyə gedirəm və bu görüşə səni də dəvət edirəm. Təki son görüşümüz olmasın!
Cəfərin evi, sən demə, yas yerinə yaxınmış. Bir az da gedəndən sonra Cəfər küçə boyu yan-yana düzülmüş beşmərtəbəli binalardan birinin yanında ayaq saxladı.