İnsan qəribə varlıqdır… Öz duyğuları, düşüncələri, cəsarəti, ağlı, mənliyi və əqidəsi ilə bütün canlılardan ali və üstündür. İnsan var ki, adi, sadə bir həyat yaşayır və bununla da kifayətlənir. Dünyaya gəlir, böyüyür, nəsil artırır və dünyadan silinib gedir. Elə seçilmiş insanlar da var ki, o, adiliklərlə yaşamaq istəmir, dünyanın aldanışlarına uymadan öz yolunu müəyyən edib öz dünyasını qurur… Həqiqətə gedən yolda addımlayır və fırtınalar, tufanlar içində keçən bir həyatı seçir. Mənəvi zənginliyə, əbədi işığa gedən yolu. Həyat yolu nə qədər çətin olsa da, o yorulmadan öz əqidəsi uğrunda mübarizəyə atılaraq həqiqət uğrunda çarpışır… «Dan yerinin şəfəqi» əsərinin qəhrəmanı da məhz belə insandır. Həqiqət uğrunda apardığı mübarizədən bir an çəkilməyən, cəsur, iradəli, qorxmaz, mübariz, üsyankar ruhu olan, mənən zəngin insan, incə ruhlu, eşq dolu, odlu şairə — Zərrintac Tahirə Qürrətül-Eyn! Əsərdə onun keçdiyi həyat yolundan, apardığı mübarizədən söhbət açılır. Bu gözəl şairənin iztirabları və əzabları da az deyil. Qaranlıqda parlayan bir işıqdır o. Onun fikirləri, duyğuları, insanlığa olan sevgisi, ilahi eşqi və haqq uğrunda apardığı mübarizəsi və cəsarətli, əfsanəvi ölümü pyesin əsasını təşkil edir. Kitabda həmçinin poeziya nümunələri də yer alıb. Son dövrlərin fəlsəfi, məhəbbət şeirləri də kitabı daha da şəfəqləndirib. Tənhalıq və Tanrı… Tanrı və insan… Bu ideya şeirlərdə öz əksini tapıb.