Şairlər ən böyük öncəgörəndi, bəlkə də. Ən həssas şairlər ən yaxşı öncəgörəndir həm də: nəinki həyatlarını, hətta ölümlərini də görə bilən. Fərqanə öz ölümünü təkcə görmürdü, həm də onu əzizləyirdi, oxşayırdı, dilə tuturdu. Müsahibələrin birində «Sən nə istəyirsən, Fərqanə?» sualına «Allahdan bir az möhlət istəyirəm», — demişdi.
Fərqanə Mehdinin sənətkar “mən”i onun poeziyasında son dərəcə fəal, dürüst ifadə olunur. Bu poeziyada şair “mən”i ilə lirik qəhrəmanın ideya-estetik mövqeyi arasında məsafə yoxdur, onların əlaqəsi bütövdür, qırılmazdır.