Yaxşı insanlar pis adamların gerçəklikdə elədiklərini yalnız öz yuxugörmələrində eləməklə kifayətlənən kimsələrdir
Yuxugörmənin özü də nevrotik simptomlardan biri olduğundan və yuxugörmələr sağlam adamlarda da özünü göstərdiyindən, onun öyrənilməsi bizə öz araşdırmalarımızda çox dəyərli bir üstünlük qazandırır. Birdən bütün insanlar sağlam olsaydılar və bununla yanaşı olaraq, onların yuxugörməsi də qalsaydı, onda bu yuxugörmələri araşdırmaqla biz elə nevrozları öyrənməkdən aldığımız sonuclara gəlib çıxardıq.
Psixoanaliz özünün ağlasığmaz görünən ilkin müddəası ilə, psixi proseslərin öz-özlüyündə qeyri-şüuri olaraq baş verdiyini deyir, onlardan yalnız mənəvi aləmlə bağlı olan kəsiminin şüurlu olduğunu təsdiqləyir.
Bu, psixoanalizin bir özəlliyidir, o heç vaxt birbaşa başqalarının hökmlərinə qarşı çıxmır, bu hökmləri irəli sürənlərlə söz güləşdirmir; psixoanaliz başqa yolla gedir, o danışılan mövzu ilə bağlı ilk baxışda önəmsiz görünən mülahizələr irəli sürməyə başlayır və çox vaxt bu, indiyədək önəmsiz görünən və yalnız psixoanalizin irəli sürməyi gərəkli saydığı nəsnələrin sonradan danışılan mövzu üzrə ən başlıca faktorlardan biri olduğu üzə çıxır. Biz psixoanalitiklər fizioloji faktorlar olan qan dövranının pozulmasının, yüngül sağlamlıq pozuntularının, üzgünlüyün, habelə bu kimi gündəlik üzləşdiyimiz bir sıra faktorların söz yanılmalarının yaranmasına təsir etdiyini danmırıq. Ancaq bilsəniz, bu faktorlar yanılmalara necə də az aydınlıq gətirə bilir!
Araşdırmalarımızın ardında yanılmaların, doğrudan da, təsadüfilikdən yaranmayıb anlam daşıyıcıları olduğu daha çox durumlarda doğrulanarsa, onda bizim üçün yanılmaların daşıdığı bu anlamlar yanılmaların hansı şəraitdə və necə yaranmasını araşdırmaqdan daha maraqlı olacaqdır.
Psixoanalizi öyrənmək, ilk öncə, özünün kimliyini araşdırmaqdan başlayır və özünün fərdi özəlliklərini araşdırmağı bacaran insanlar onu bir elm olaraq yetərincə qavraya bilirlər.
Yuxu – mənim xarici aləmlə bağlı heç nə bilmək istəmədiyim bir durumumdur, bu anlarımda yan-yörəmdə olan bütün başqa nəsnələr mənim üçün öz marağını itirir. Mən ətraf aləmdən ayrılaraq, onun bütün qıcıqlarından yayınaraq yuxuya dalıram. Ətraf aləm məni yoranda da mən yuxuya dala bilərəm. Mən yatmağa başlarkən, sanasan, ətraf aləmə deyirəm: “Əl çək mənim yaxamdan, mən yatmaq istəyirəm”.
Qıraqdan baxanda insan ömrü belə görünür: onun üçdən ikisi doğulmuş və yaşamaqdadır, üçdən biri isə hələ də doğulmamışdır və insan yuxuda öz ömrünün o doğulmamış kəsimini yaşayır. Hər gün səhər yuxudan oyanmaq elə bil dünyaya yenidən doğulmağa oxşayır. Bir sıra durumlarda biz yuxudan ayılanda deyirik: elə bil anadan yenicə doğulmuşam; ancaq mənə elə gəlir, bu durumu yeni doğulmuş körpənin durumuna oxşatmaq çox da elə uğurlu bənzətmə deyildir. Ola bilsin, çağalar dünyaya yeni gələndə özlərini bu dünyada çox da rahat hiss eləmirlər. Unutmamısınızsa, uşağın doğulmasına biz işıqlı dünyaya göz açmaq da deyirik.
Həkimlər, sözsüz, yuxugörməni psixi akt saymırlar, onun da fizioloji proseslərin insan ruhunda yaratdığı qıcıqlardan biri olduğunu düşünürlər.
Gələcəyi öyrənmək üçün etrusklarla romalılar başqa üsullardan da yararlanırdılar, ancaq Yunan-Roma dönəmi adlanan bütün çağlarda yuxu yozmaq peşəsi çox geniş yayılmışdı və bu yozumlar çox yüksək dəyərləndirilirdi. Yuxuyozmalarla bağlı bizə gəlib çatan kitab imperator Adrianın çağında yaşamış Daldisli Artemidorun əsəridir.