Stefan Sveyqin həyati süjet əsasında qurulmuş “Fantastik gecə” romanında cərəyan edən hadisələr, əsərin adından göründüyü kimi, demək olar, bir gecə ərzində baş verir. Əsərin təsadüfən başqasının uduşuna sahib çıxan baş qəhrəmanı bütün gecə boyu mənəvi əzablarla üzləşərkən çıxış yolunu təsadüfən əldə etdiyi pullardan azad olmaqda görür. Yalnız səhərə yaxın buna nail olandan sonra daxili aləmində özünə yer alan mənəvi təlatümlərdən azad ola bilir. Aşağıdakı qeydlər əvvəllər süvari alaylarının birində hərbi xidmət keçmiş ehtiyatda olan ober-leytenant kimi 1914-cü ilin payızında Rana-Rus döyüşündə həlak olmuş baron Fridrix Mikael fon R-nin yazı masası üstündə qalmış bağlı bir zərfin içində tapılıb. Mərhumun qohumları yazının başlığına və səhifələrinə ötəri nəzər saldıqdan sonra onun adicə ədəbi qələm təcrübəsi olduğunu zənn edərək onunla tanış olmağım, məsləhət bilərəmsə, çap etdirməyim üçün mənə veriblər. Mən də öz tərəfimdən o yazını heç də uydurulmuş bir hekayət yox, haqq dünyasına qovuşmuş həmin adamın ölümündən qabaq ifadə etdiyi səmimi etiraf hesab edir, adını gizli saxlayaraq, “nöqtəsinə, vergülünə” toxunmadan sizə təqdim edirəm.