İsmayıl Şıxlı bu tarixi romanını ölümündən beş ay qabaq tamamlaya bilib. Halbuki o bu romanı yazmaq qərarına hələ çox əvvəllər gəlib, təəssüf ki, ideyasını sovet gerçəkliyində obyektiv səbəblər ucbatından reallaşdıra bilməyib. Müəllifin ilk variantda «Qanlı təpə» adıyla qələmə almaq istədiyi bu əsər 20-ci illərin mürəkkəb və ziddiyyətli həyatını əhatə etməli idi. Lakin mövcud olan qadağalar, arxiv sənədlərinin gizlin saxlanılması, o illərdə baş verən əsl həqiqət və ziddiyyətlərin meydana çıxarılıb açıq söylənilməsinə qoyulmuş yasaqlar nəticəsində tarixi dövrü olduğu kimi verməyin qeyri-mümkünlüyü səbəbindən nəzərdə tutduğu romanı yazmamağı qərara alıb. O, bir də müstəqillik dövründə bu ideyasına qayıdır, özgürlüyün verdiyi imkanlardan istifadə eləyərək xəstəliyi və gözünün zəifləməsinə baxmayaraq, doğmalarının fədakar yardımı sayəsində romanı yazmağa başlayır və uğurla başa çatdırır.