İnsana üzərində xoşbəxt yaşamaq üçün bir qədər torpaq lazımdır, həmişəlik rahat olmaq üçün isə daha az torpaq gərək olur.
Deyirlər ki, bonon daşı günəşin altına qoyularkən o, günəşin şüalarını özünə çəkir, sonra isə bir müddət qaranlıqda işıq verir.
öz təqsirin ucundan özünə daha yaxın bir dost tapmasan, qoy onda bu kitabça sənin həmdəmin olsun.
Mən hələ heç vaxt bu qədər sərbəst rəqs etməmişdim. Mən öz bədənimi hiss etmirdim. Vilhelm, sən bir düşün: çox qəşəng bir qızı qolların arasına alıb, gözlərin heç bir şey görmədən bir qasırğa kimi dolanmaq və...
Söhbət rəqsi sevməkdən düşdü. Lotta dedi: «Bu həvəs bir nöqsan sayılsa da, sizin yanınızda boynuma alıram ki, mən rəqsi hər şeydən üstün tuturam.
Pis əhval-ruhiyyə tənbəlliyin tayıdır, o, bəlkə də, tənbəlliyin müxtəlif növlərindən biridir.
Ossian, Homeri qəlbimdən sıxışdırıb çıxardıb. Bu nəhəng məni hansı aləmə götürüb aparır! Dörd bir yanda qasırğa kükrəyib coşan vaxt, topa-topa dumanların ayın zəif işığında əcdadlarımızın ruhunu qovaraq sərgərdan dolanmağa, dağlarda durub, meşələrdən axıb gedən selin gurultusunda qaranlıq mağaralardan ruhların boğuq iniltisini və talesiz bir qızın qəhrəman sevgilisinin yatdığı, üstü mamır və otla örtülü dörd parça daş üzərində qəmli şikayətlərini dinləməyə aparır! Budur, mən onu, qədim dövrün sərgərdan dolanan ağsaçlı şairini görürəm. O, geniş düzəngahlarda öz əcdadlarının ayaq izlərini axtarır, lakin heyhat, tapdığı yalnız onların qəbirləridir, bu vaxt o inləyərək, nəzərlərini coşqun dənizdə batıb gedən mehriban axşam ulduzuna dikir. Bu anda qəhrəmanın qəlbində keçmiş zamanlar canlanmağa başlayır. O zamanlar ayın şüaları həyatı təhlükə içərisində olan igidlərin yoluna işıq saçırdı, ay onların gül-çiçəklə bəzədilmiş müzəffər gəmisini öz nuruna qərq edirdi. Mən onun alnında dərin bir kədər oxuyuram, görürəm ki, əzəmətli insanlardan sonuncusu tək-tənha inləyərək qəbrə doğru səndələyir. O, doğma, cansız kölgələrdən daim yeni, əzablı, yandırıb-yaxıcı həzz alır, eyni zamanda soyuq torpağa, yırğalanan hündür otlara baxaraq deyir: «Məni gözəl ikən tanıyan o qərib səyyah gələcək, gələcək və gəlib soruşacaq: Finqalın gözəl övladı olan o nəğməkar bəs hanı? Onun ayaqları mənim qəbrimi tapdalayır, bir də, o məni əbəs yerə torpağın üstündə arayır».
məncə, fikirsiz yaşayanlar xoşbəxtdirlər, onlar öz kuklası ilə əylənən, onu geyindirib-soyunduran və anasının pirojna qoyub bağladığı şkafın ətrafında gəzinən, əli şirniyə çatanda isə onu ağzına basaraq: «Yenə!» deyə bağıran uşaqlar kimidirlər. Xoşbəxt məxluqdurlar!
Hiss edirəm ki, o məni (ən bu sözlərin behişt qədər gözəlliyini ifadə etməyə qadirəmmi, mənim buna cürətim yetərmi?)... o məni sevir... Məni sevir... Məni sevir! Bilsən, bu məni öz nəzərimdə nə qədər ucaldır! Mən necə... məktubumda bunu etiraf etmək olar, sən başa düşərsən... O zamandan ki, onun məni sevdiyini hiss edirəm, mən öz-özümə pərəstiş edirəm!
Bunun cəsarət, yaxud da həssaslıq olduğunu bilmirəm, amma hər halda, Lottanın qəlbində rəqibim olduğunu görmürəm. Bununla belə, o, nişanlısı barədə son dərəcə mehribanlıqla, məhəbbətlə danışdıqda özümü hər cür şərafət və rütbədən məhrum edilmiş, qılıncı əlindən alınmış bir adam kimi hiss edirəm.
bir halda ki, adam həm özünün, həm də özünə yaxın olan şəxslərin qanını qaraldır, ona qəbahət adı vermək layiq deyilmi? Biz onsuz da bir-birimizi xoşbəxt etməyə qadir deyilik. Hələ bu bəs deyilmiş kimi, hər kəsin qismətinə az da olsa düşən cüzi fərəhi də bir-birimizə haram etməliymişik?