Məhəbbət insanın içində doğulur və heç vaxt bitmir. Lap elə hər şey: insan, sevgi, xoşbəxtlik, həyat nə qədər mükəmməl olsa da, həmişə nəsə çatmır, nəsə az olur və insan ən çox o az olanın arxasınca düşməyi sevir.
– Əgər yaşamaq istəyirsənsə, demək, nəsə bir bəhanən var, demək, sevirsən. Bu həm çətindir, həm asan. Özün fikirləş, mən onsuz da bir gün öləcəyəm. Ancaq indi taleyimə minnətdaram ki, sən varsan. Mən tənhalıqda qalıb bədbəxt də ola bilərdim. O vaxt mən məmnuniyyətlə ölərdim. İndisə mənə çətindir. İndisə mən arı balla dolduğu kimi sevgiylə dolmuşam və hər gecə bal kimi şirin sevgimi pətəyimə daşıyıram. Əgər mənə ikisindən birini seçməyi təklif etsəydilər, mən düşünmədən yenə bunu seçərdim.
Məhəbbət möcüzədir. Amma sonunda iki nəfərdən biri üçün həmişə darıxdırıcı olur. O birisə heçnəsiz qalır yolun ortasında... donub-qalır və nəyi gözlədiyini də bilmir. Amma dəlilər kimi gözləyir, gözləyir...