Görünür, beynimizdəki gizlin tənzimləmə mexanizmi elə güclü fəaliyyət göstərir ki, qəlbimizə yük olan, təhlükə törədə bilən şeylər onun təsirindən öz-özünə silinir
Qaralarla ağlar bir şəxsin simasında birləşəndə isə mənasız bir vəziyyət yaranır, eyni beyin eyni vaxtda bir şeyi həm bilmək, həm də bilməmək məcburiyyəti qarşısında qalır, ağlar kimi qarşıdaş mövqeyində çıxış edəndə bir dəqiqə öncə qara tərəfdaşın nə istədiyini, hansı niyyəti güddüyünü adicə bir əmrlə tamam unutmalı olur. Bu cür ikili düşünmə, əslində, şüurun tamam haçalanmasına, mexaniki cihazlarda olduğu kimi, beyin fəaliyyətinin istənilən anda yanıb-sönməsinə gətirib çıxarır; şahmatda özü özünə qarşı oynamaq, əslində, öz kölgəsi üstündən hoppanmaq kimi bir paradoksdur.
Hücumun, müdafiənin incəliklərini, bicliyini, kəsərini asta-asta başa düşdüm, öncədən düşünmək, kombinasiya qurmaq, kəskin əks-hücuma keçmək texnikasına yiyələndim, istənilən şeirdən bir-iki misra oxuyandan sonra müəllifinin kimliyini müəyyənləşdirdiyim kimi, hər bir şahmatçının fərdi oyun üslubundakı şəxsi çətinliklərə də tezliklə bələd oldum; sadəcə, vaxtı öldürmək üçün başlanmış məşğuliyyət indi bir həzzə çevrilmişdi və şahmat strategiyasının Alyoxin, Lasker, Boqolyubov, Tartakover kimi nəhəng simaları indi ən sevimli dostlarım təki tənhalığıma daxil olmuşdular.
Metropol mehmanxanasına aparıb, orada hərəsinə xüsusi bir otaq ayırdılar. Belə hörmət hətta mənim kimi kölgədə qalan bir adama da edildi. Mehmanxanada tək bir otaq! Çox mülayim səslənir, elə deyilmi? Ancaq inanın, heç də mülayim rəftar etmirdilər, əksinə, bizim kimi «görkəmli adamları» iyirmi-iyirmi, otuz-otuz buztək soyuq baraklara doldurmayıb oda dönmüş isti, tənha mehmanxana otaqlarında yerləşdirirdilərsə, deməli, həddən artıq bic bir üsula əl atırdılar. Çünki lazım olan materialı bizdən qoparmaq üçün istifadə etdikləri bu incə təzyiq metodu, 470 insanı hər şeydən təcrid etmək yolu qol-qabırğa sındırmaqdan, cismani işgəncədən daha təsirli idi. Bizə heç nə eləmirdilər, sadəcə olaraq, mütləq heçliyin qoynuna atmışdılar, görünür, bilirdilər ki, yer üzündə heç nə həmin heçlik qədər insan qəlbini bu cür sıxa bilməz. Döyüb, əzişdirib çovğunlu baraklara atmaq əvəzinə, hər birimizi mütləq bir boşluğa, xarici aləmdən hermetik ayrılmış bir vakuuma salmaqla içimizdəki həmin sıxıntının əvvəl-axır dilimizi açacağına bel bağlayırdılar.
lakin ən böyük diplomatlar da, hərbçilər də əvvəl-axır Hitlerin hiylə toruna düşmədimi?!
Dişim ağrısaydı və gəmidə təsadüfən diş həkimi olsaydı, ondan tələb etməyəcəkdim ki, ağrıyan dişimi müftə çəksin. O boyda qiymət qoymağa kişi tam haqlıdır. Hansı sənətdə olur-olsun, öz işinin ustaları həm də ən yaxşı tacirdirlər.
Həyatda heç kəsin köməyi olmadan, heç nə ilə barışmadan irəliləməyə vərdiş etmiş, faktiki uğurdan məst olmuş bu nəhəng insan öz üstünlüyünə elə dönməzliklə əmin olmuşdu ki, hər hansı bir müqavimət onu yersiz etiraz, hətta az qala, təhqir kimi cinləndirirdi.
Şahmat da sevgi kimidir, gərək mütləq tərəf-müqabilin olsun, mənimsə hələlik indiki anda gəmidə başqa şahmat həvəskarlarının olub-olmamasından qəti xəbərim yoxuydu.
lakin ruhən dinclik tapmayan, dünyanı özü üçün daraldıb qaralarla ağlar arasında biryönlü, dar orbitə çevirən, həyat üzərindəki qələbələrini otuz iki fiqurun ora-bura, irəli-geri çəkilməsində axtaran, insanın həyatını, yeni debütdə piyada əvəzinə at qabağa verməkdə ciddi bir əməl görən və şahmat taxtasının bir qırağında ona ölməzlik gətirəcək vecsiz bir guşənin ayrılmasına böyük əhəmiyyət verən bir insanı, on, iyirmi, otuz, qırx il zehnini gərginləşdirib var gücünü ardı-arası kəsilmədən taxta üstündə taxta şahı bir küncə qısnamaq kimi gülünc bir məşğuliyyətə sərf edən ağıllı insanı təsəvvürə gətirmək nə qədər çətin, nə qədər də mümkünsüz imiş!
Ancaq şahmata oyun deyəndə məgər insan özünü təhqiramiz məhdudluğa borclumu bilməlidir? O özü də bir elm, bir incəsənət deyilmi, Məhəmməd peyğəmbərin ruhu Göylə Yer arasında süzdüyü kimi, o da həmin kateqoriyalar arasında süzmürmü, bütün qoşa ziddiyyətlərin birdəfəlik əlaqəsi deyilmi, həm ulu, həm də əbədiyaşar, quruluşca sadə, təxəyyülcə təsirli, geometrik donuq məkanda məhdud, kombinasiyalarında isə hüdudsuz, həmişə inkişafda, amma yenə də tərtəmiz, insanı heç yana çıxara bilməyən bir riyaziyyat, əsərsiz bir incəsənət, varlıqsız bir arxitektura, bununla belə, öz varlığında, öz yaşamında bütün kitablardan, bütün əsərlərdən dözümlü, bütün xalqlara, bütün zamanlara aid olan bir oyun, sıxıntını öldürmək, zehni itiləmək, qəlbi riqqətə gətirmək üçün hansı tanrının onu yer üzünə göndərdiyindən heç kimin xəbəri olmayan əvəzsiz bir oyun deyilmi? Əvvəli haradadır, sonu harada? İlk qaydalarını hər uşaq öyrənə bilər, hər naşı özünü orada sınayar, lakin bu dəyişməz, dar kvadratın içində növ-növ ustalar yetişər ki, buradan da biri digərinə bənzəməyən şahmat istedadlı insanlar, öz təxəyyüllərində, səbirlərində, texnikalarında dəqiq, müəyyən bölgü ilə fəaliyyət göstərən dahilər yaranar – riyaziyyatçılar, şairlər, musiqiçilər kimi, ancaq başqa səpkidə, başqa qovuşuqda.