Məqsəd və ümidini itirməklə insan qüssədən müdhiş bir varlığa çevrilir…
Həbsxanalar və məcburi iş, əlbəttə, cinayətkarı düzəltməyəcək; həbsxanalar yalnız cəzalandırır və cəmiyyəti caninin onun rahatlığına qəsd etməsindən xilas edir. Həbsxana və ən güclü katorqa işi isə cinayətkarda yalnız nifrət, qadağa qoyulmuş nəşələrə həvəs və dəhşətli yelbeyinlik yaradır. Amma qəti əminəm ki, məşhur hücrə sistemi yalnız yalançı və zahiri məqsədə nail olur. Bu sistem insanın həyat cövhərini sorub çıxarır, onun ruhunu zəiflədir, onu qorxudur və sonra mənəvi cəhətdən qurumuş, yarıdəli cəsədi islah olunmanın və tövbənin nümunəsi kimi təqdim edir. Əlbəttə, cəmiyyətə qarşı qiyam qaldırmış cinayətkar ona nifrət edir və demək olar ki, daim özünü haqlı, cəmiyyəti isə günahkar sayır. Üstəlik də cinayətkar artıq cəmiyyətdən cəzasını almışdır, bu səbəbdən də az qala özünü təmizə çıxmış, cəmiyyətlə hesablaşmış hesab edir.
Zahirən ümumi qayda-qanun hansısa xüsusi, şəxsi ləyaqətdən yaranırdı ki, bu da həbsxananın hər bir sakininə nüfuz edirdi. Katorqaçı, məhkum adı sanki, həqiqətən də, hansısa bir rütbəydi, üstəlik də fəxri bir rütbəydi. Heç bir xəcalət və peşmançılıq əlaməti yox idi!